О компании
Azərbaycan Banklar Assosiasiyası (ABA) 30 mart 1990-cı ildə 10 özəl bank tərəfindən təsis edilmiş və “Azərbaycan Kommersiya və Kooperativ Bankları Assosiasiyası” adı ilə dövlət qeydiyyatından keçmişdir. 1999-cu ildən “Azərbaycan Banklar Assosiasiyası” adı altında fəaliyyət göstərir. Hazırda 23 bank və 6 bank olmayan kredit təşkilatı, eyni zamanda Azərpoçt MMC, Azərbaycan Kredit Bürosu, Azericard MMC və Millikart MMC ABA-nın üzvüdürlər.
ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur.
Fəaliyyət göstərdiyi müddətdə ABA yuxarıda sadalanan qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış, bank qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində, eləcə də bankların beynəlxalq əlaqələr qurması, bank infrastrukturunun formalaşması, Hökumətin və Mərkəzi Bankın həyata keçirdiyi islahatların bank sektoru tərəfindən dəstəklənməsi sahələrində ciddi işlər görmüşdür.