О компании
Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir. İllərdir ki, ölkə iqtisadiyyatına dəyər qatan Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Əsas missiyası cəmiyyəti təmiz, sağlam və keyfiyyətli, eyni zamanda münasib qiymətə gündəlik istehlak malları ilə təmin etməkdir. Şirkətlər Qrupu üzrə illik yeni iş yerlərinin sayı 2000-dən artıqdır.
Veysəloğlu Şirkətlər Qrupunun sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işinə bağlı insan resurslarıdır. Öz rəqabət üstünlüyünü əməkdaşlarının peşəkarlığında, inkişafa və innovasiyalara açıq şirkət mədəniyyətində görür. Bu baxımdan hər bir vəzifəyə kadr seçimi, vəzifədə yüksəliş, Qrup şirkətləri arası transferlər ciddi prosedurlarla tənzimlənir. Fərdi və işgüzar keyfiyyətlərinə güvənən, bilik və təcrübəsini real biznes mühitində və rəqabət atmosferində artırmaq istəyən, dəyər yaratmağı özünə hədəf qoyan hər kəs Veysəloğlu Şirkətlər Qrupunda karyera qura bilər.
Peşəkar inkişafa dəstək, təlim və sertifikasiya dəstəyi, əməkdaşlarının övladlarına təhsil təqaüdü, tibbi sığorta və tibbi dəstək, elastik iş rejimi, nahar və nəqliyyat (servis) təminatı, korporativ güzəştlər Şirkətlər Qrupunun imtiyazları, yüksək komanda ruhu, öyrənməyə və öyrətməyə əlverişli mühit, beynəlxalq təcrübəyə malik peşəkarlarla çalışma imkanı, karyera yüksəlişi, şirkətlərarası transfer imkanı, iş və həyat balansı, distant işləmə imkanı, rəqabətli əməkhaqqı isə əsas üstünlükləri sırasındadır.
1994-cü ildə yaradılmış Veysəloğlu Şirkətlər Qrupuna "Veysəloğlu" MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki daxildir. “Entree Azərbaycan” MMC və “Sirab” mineral sular zavodu isə həmtəsisçisi olduğu şirkətlərdir.